다양한 외국어 정보 및 자료는 멀티라이브러리 - 외국어 도서관 <바로가기>

다양한 국제 뉴스는 멀티라이브러리 - 뉴스 도서관 <바로가기>

다양한 외국 영화 자료는 멀티라이브러리 - 영화 도서관 <바로가기>

다양한 사진은 PPT 커뮤니케이션즈 <바로가기>



Maddə 129. Məhkəmə qərarları və onların icrası

I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
Posted by 알 수 없는 사용자


Maddə 128. Hakimlərin toxunulmazlığı

I. Hakimlər toxunulmazdırlar.

II. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.

III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər.

IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.

V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir. 
Posted by 알 수 없는 사용자


Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

IV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

V. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.
İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir.

VI. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.

VII. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

VIII. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

IX. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.

X. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.
Posted by 알 수 없는 사용자


Maddə 126. Hakimliyə namizədlərə aid tələblər

I. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

II. Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Posted by 알 수 없는 사용자


Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.

IV. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Posted by 알 수 없는 사용자


Maddə 124. Yerlərdə icra hakimiyyəti

I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.

II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
Posted by 알 수 없는 사용자


Maddə 123. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.
Posted by 알 수 없는 사용자


Maddə 122. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər

Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
Posted by 알 수 없는 사용자


Maddə 121. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər

I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
Posted by 알 수 없는 사용자


Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları

I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
Posted by 알 수 없는 사용자